İşğaldan azad olunmuş ərazilərlə bağlı prezidentdən MÜHÜM FƏRMAN - VİDEO

29.10.2020 21:02

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb. Fərmanda müvəqqəti komendantların görəcəyi işlər ətraflı şəkildə qeyd olunub.

 

Fərmana əsasən, Daxili İşlər Nazirliyinə müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etmək və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etmək tapşırılıb. Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə əlaqələndirməlidirlər. Bu qurumların nəzdində dövlət orqanlarının nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılır. Bu qərargahlara daxildir.

 

Dövlət Təhlükəsizliyi Xidməti;

Fövqəladə Hallar Nazirliyi;

İqtisadiyyat Nazirliyi;

Kənd Təsərrüfatı Nazirliyi;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

Maliyyə Nazirliyi;

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;

Mədəniyyət Nazirliyi;

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik;

Müvafiq yerli icra hakimiyyəti orqanları.

 

Müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdə bu vəzifələrin yerinə yetirilməsini təşkil edəcəklər:

 

Mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunikasiya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi;

 

İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunması;

 

Aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inventarlaşdırılması və mühafizəsi;

 

Kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanması və mühafizəsi;

 

Aşkar edilmiş sənədlərin uçotunun aparılması və sonrakı təhlil üçün mühafizəsi;

 

Hərbi vəziyyət rejiminin təmin olunması üçün "Hərbi vəziyyət haqqında" qanun ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi.

 

Həmçinin, müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları ilə bir sıra işlərin görülməsini təmin etməlidir. Bura ərazilərin minalardan təmizlənməsi; energetika qurğularının, o cümlədən hidrotexniki qurğuların vəziyyətinin ilkin qiymətləndirilməsi; yanğınların, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması; terrorçuluq, casusluq, təxribat və Azərbaycan Respublikasına qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması; infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması; kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi; zəruri rabitə şəbəkəsinin qurulması; tarix və mədəniyyət obyektlərinin ilkin inventarlaşdırılması və digər işlər daxildir.

 

Fərmanda digər müvafiq qurumlara da infrastruktur işlərinin görülməsi tapşırılıb... Müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti isə Prezident Administrasiyası həyata keçirəcək.

© xezerxeber.az

FOTOQALERIYA






273 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR