Aylıq 138 manat ödənişlə ev almaq istəyənlərin nəzərinə - TARİX AÇIQLANDI

07.08.2020 11:44

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şossesi-Hava Limanı 12-ci km. "22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 2 saylı binası üzrə 96, 3 saylı binası üzrə 242 və 4 saylı binası üzrə 137 mənzilin, ümumilikdə 502 mənzilin satışı 10 sentyabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 19 sentyabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

XəzərXəbər agentliyə istinadən xəbər verir ki, "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 14 sentyabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 19 sentyabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət” portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız "Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

"Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində "Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Qeyd: "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

1 otaqlı mənzillərin qiyməti – 32 130 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 43 010 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

© xezerxeber.az


1663 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR